“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməyə başladığı 1997-ci ilin noyabr ayından 1 avqust 2016-cı il tarixinədək 404,1 mln. ton neft hasil olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün “SOCAR Yay Məktəbi”nin açılışında çıxışı zamanı bildirib.
“Bu həcmin 224 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bundan başqa, bu dövr ərzində blokdan 123 mlrd. kubmetr səmt qazı hasil olunub”, - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, cari ildə AÇG blokundan ümumi neft hasilatında Azərbaycanın mənfəət neftinin payı 60% təşkil edəcək.
Birinci vitse-prezident onu da əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” blokundan hər ay 2,8 mln. ton neft və 1,1 mlrd. kubmetr səmt qazı hasil olunur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova