2016-cı ilin I yarısında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə əsaslı xərcləri 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,2% - $87 mln.-dək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə BTC üzrə əməliyyat xərclərinə $61 mln., əsaslı xərclərə isə $26 mln. yönəldilib.
Şirkətin məlumatına görə, BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə 332 mln. ton xam neft nəql edilib və Ceyhanda 3278 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BTC neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. barel neft təşkil edir.
«Cari ilin I yarısında BTC vasitəsilə 17,3 mln. ton xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənib», - deyə şirkətin məılumatında qeyd olunur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan (2010-cu ilin iyun ayından) və Qazaxıstan nefti (2013-cü ilin oktyabrından) də nəql olunur.*
N.Abbasova