Cari ilin noyabr ayında Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nazirlərinin informasiya və kommunikasiya texnologiyaları üzrə toplantısı keçiriləcək. Bu barədə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov məlumat verib.
“Bu ilin noyabr ayında Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nazirlərinin informasiya və kommunikasiya texnologiyaları üzrə toplantısı keçiriləcək”, - Xarici İşlər Nazirliyi R.Həsənovun nazir Elmar Məmmədyarovla göörüşündən sitat gətirir.
R.Həsənov həmçinin qeyd edib ki, Gəncənin 2016-cı il üzrə Avropanın Gənclər Paytaxtı olması ilə əlaqədar 27 sentyabr tarixində bu şəhərdə gənclər festivalı təşkil olunacaq.
Festival Türk Şurası tərəfindən Gənclər və İdman Nazirliyi ilə birlikdəkeçiriləcək.
Bundan başqa, baş katibin sözlərinə görə, bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurasının VI Zirvə görüşü keçiriləcək.
“Toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacaq”, - deyə R.Həsənov bildirdi.
Nazir E.Məmmədyarov öz növbəsində ölkəmizin Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini qeyd edərək, təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğuladı.
Görüşdə Türk Şurasının BMT yanında müşahidəçi statusu alması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olundu. **
F.İsazadə