2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 123 mln. 603,4 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-iyul aylarında qeyri-neft yükdaşımalarının həcmi 1,2% - 90,6 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 82,2%, dövlət sektorunun payına 17,8% düşüb. Bu dövrdə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 8 mln. 263,9 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2015-ci ilin yanvar-iyul aylarının göstəricisindən 18,6% azdır.
Cari ilin yanvar-iyul aylarında respublikanın dəniz nəqliyyatı ilə 3 mln. 20,1 min ton (azalma 27,1%), avtomobil nəqliyyatı ilə 77 mln. 167,7 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 85,1 min ton (artım 21,1%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 26 mln. 400 min ton neft (azalma 3,8%) nəql edilib. 20 mln. 596,4 min ton və ya nəqlin bütün həcminin 78%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. 2016-cı ilin yanvar-iyul aylarında BTC neft kəməri ilə 2,8 mln. ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova