“SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağinda növbəti quyuda qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
27 saylı quyu 20 saylı stasionar dəniz özülündən qazılır. Quyunun layihə dərinliyi 830 metrdir. 27 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton səviyyəsində dəyərləndirilir.
“SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli”yatağında yerləşən 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və “Ümid” yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Müəssisə, eyni zamanda “Bulla” və “Günəşli 7” yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir. **
N. Abbasova