Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində respublikanın regionlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə işlərin aparılmasına $75 mln. məbləğində dördüncü tranşın ayrılmasını təsdiq edib. Bu barəödə bankın saytında məlumat verilir.
Dördüncü tranşın vəsaitləri Ağdaş və Beyləqan şəhərlərində su təchizatının yaxşılaşdırılmasına sərf olunacaq.
“Layihənin ümumi dəyəri $100 mln. təşkil edir. Bu vəsaitin $75 mln.-u AİB-in, qalan $25 mln. - Azərbaycan hökumətinin payıdır. Dördüncü tranşın vəsaitləri hər iki şəhərdə təmizləmə qurğularının tikintisi və Ağdaşda su təchizatı və kanalizasiya infrastrukturunun inkişafına yönələcək”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası 2009-cu il sentyabrın 23-də Azərbaycana su və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $600 mln. məbləğində çoxtranşlı kreditin ayrılmasını təsdiq edib. Azərbaycan hökuməti 8 illik investisiya proqramı çərçivəsində bu məqsədlərə $200 mln. ayırmağı planlaşdırır. Proqram çərçivəsində AİB-in ilk tranşı $75 mln., ikinci tranşı $300 mln. təşkil edib. MFF çərçivəsində $75 mln. vəsait bölüşdürülməmiş qalır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1999-cu ildən 2016-cı il yanvarın 1-nə AİB ölkədə 59 layihənin həyata keçirilməsi üçün ümumilikdə $2 mlrd. 321,62 mln. ümumi məbləğdə kredit ayırıb. Bundan başqa, bank texniki yardım üzrə 32 layihənin reallaşmasına $22 mln. ayırıb. **
N.Abbasova