“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin əmanətçilərinə qorunan əmanətlərə görə 457,4 min manat məbləğində kompensasiya ödəyiblər. Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
“ADİF avqustun 22-dən etibarən “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi prosesinə başlayıb. Nəticədə, qeyd olunan bankların əmanətçiləri birinci gün ərzində 457,54 min manat ümumi məbləğdə kompensasiya alıblar”, - deyə məlumatda vurğulanıb.
Bununla yanaşı, Fondun məlumatına görə, “Qafqaz İnkişaf Bankı”nın əmanətçilərinə 140 min manatdan artıq, “Atrabank”ın əmanətçilərinə 317,4 min manat məbləğində kompensasiya ödənilib.
ADİF-dən bildiriblər ki, “Atrabank”ın qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Qafqaz İnkişaf Bankı”nın qorunan əmanətçiləri isə bankın baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Xəbər verildiyi kimi, AMB yanvarın 27-də “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın lisenziyalarının ləğv olunmasına dair qərar qəbul edib. Bu qərar bankların məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqədar qəbul olunub.
Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
“Qafqaz İnkişaf Bankı” ASC 1996-cı ilin aprel ayında yaradılmışdı.
“Atrabank” ASC 1992-ci ildən fəaliyyət göstərirdi. **
N.Abbasova