“Bank of Azerbaijan” ASC, “Ganjabank” ASC və “Texnikabank” ASC-nin qorunan əmanətçiləri artıq 144 mln. 447,5 min manat kompensasiya alıb. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında deyilir.
"Bu üç bankın əmanətçiləri artıq 144 mln. 447,5 min manat kompensasiya alıb. “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,052 min manat, Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 mln. manatdan artıq kompensasiya ödənilib”, - deyə məlumatda bildirilir.
Ümumilikdə “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24 mln. 877,749 min manat, “Texnikabank” ASC-nin əmanətçilərinə 122 mln. 587,29 min manat, “Ganjabank” ASC-nin əmanətçilərinə 1 mln. 39,638 min manat kompensasiya ödənilməlidir.
Qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsi kompensasiya edilir.
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-də “Bank of Azerbaijan” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği (50 mln. manat - İF-Az) tələbinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsinə görə qəbul edilib. “Texnikabank”ın lisenziyası da yuxarıda qeyd olunan səbəblərdən 1 fevral 2016-cı il tarixində ləğv edilib.
AMB tərəfindən “Gəncəbank” ASC-nin lisenziyasının ləğv edilməsi haqqında qərar isə 2016-cı il yanvarın 22-də qəbul edilib.
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərirdi. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşmişdi.
“Gəncəbank” ASC 1994-cü ildə yaradılmışdı.
“Texnikabank” ASC 1994-cü ildə yaradılmışdı və respublikanın aparıcı banklarının onluğuna daxil idi.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 12% dərəcəsindən yüksək olmayan 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
N.Abbasova