Azərbaycan hərbçiləri Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərdə terror-diversiya qrupları tərəfindən ələ keçirilmiş ticarət gəmisinin və neft ixrac özülünün azad edilməsini yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Təlimlərdə terror-diversiya qrupları tərəfindən ələ keçirilmiş ticarət gəmisinin və neft ixrac özülünün azad edilməsi, həmçinin Xəzər dənizinin əməliyyat zonasına qeyri-qanuni daxil olan şərti düşmən gəmilərinin məhv edilməsi məqsədilə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri, sahilboyu yerləşdirilən Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, o cümlədən xüsusi təyinatlılar qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər”, - deyə məlumatda deyilir.
“Təlimlərə 3 min nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusu cəlb edilib”, - deyə nazilrlik vurğulayır.
Məkumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb olunan şəxsi heyətin peşəkarlığını, praktiki və mənəvi-psixoloji hazırlığının səviyyəsini, həmçinin bölmələrin döyüş qabiliyyətini yüksək qiymətləndirib.
Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən keçirilir.
Təlimlər avqustun 25-də başa çatacaq. **
F.İsazadə