Azərbaycanda yeraltı qaz anbarlarında təbii qaz ehtiyatı 2,5 mlrd. kubmetr təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“İl ərzində 2 yeni quyu qazmadan istismara daxil edilmiş və 26 quyuda əsaslı və cari təmir işləri aparılıb. Avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1 mlrd. 555 mln. kubmetr qaz vurulub. Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 mlrd. kubmetr təşkil edir”, - deyə məlumatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, noyabra qədər mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur.
Həmçinin qeyd olunur ki, yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması üçün Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən strateji inkişaf planının hazırlanması qərara alınıb.
“Strateji plana əsasən, yeni quyuların qazılması, qazılacaq quyular üçün sahələrin müəyyən olunması, yerüstü avadanlıqların yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə məlumatda deyilir.
yeraltı qaz anbarlarına qazın vurulması qaşıdan gələn payız-qış mövsümündə istehlakçıların qaz təchizatı ilə porblemlərin yaranmayacağına dair əsas verir.
Azərbaycanda iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib. **
N.Abbasova