Azərbaycan jurnalistləri Fətullah Gülən hərəkatının ölkəmizdəki tərəfdarlarının qanunsuz fəaliyyəti ilə bağlı müstəqil araşdırmalar aparmalıdırlar. Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
«Azərbaycanın hüquq-mühafizə orqanları Fətullah Gülən hərəkatının ölkəmizdəki tərəfdarları və ardıcıllarının qanunsuz fəaliyyətinə qarşı mübarizə aparır. Azərbaycan mediasında da “Hizmət hərəkatı” ilə bağlı araşdırmalar aparılmalıdır», - deyə Ə.Amaşov vurğulayıb.
Onun sözlərinə görə, media nümayəndələri radikal dini təşkilatların fəaliyyəti ilə bağlı məsələlərə həssaslıqla yanaşmalıdırlar.
Mətbuat Şurasının sədri bəzi KİV nümayəndələrinin bu mövzuya kifayət qədər ciddi yanaşmamasından təəssüfləndiyini bildirib.
«Ötən ilin sonunda Nardaran qəsəbəsində radikal dairələrlə hüquq-mühafizə orqanları arasında baş vermiş qarşıdurma, terror təşkilatlarının üzvü olan Azərbaycan vətəndaşlarının İraq və Suriyada gedən döyüşlərdə iştirak etməsi ilə bağlı məsələlər Azərbaycan cəmiyyəti və mediasını narahat edir. Bu gün hər bir mətbu orqanında “gülənçilər” və “Hizmət hərəkatı” ilə bağlı materiallara rast gəlmək olar”, - deyə o bildirib.*
R.Babayev