“Günay Sığorta” şirkəti “Yaşıl Kart” (Green Card) sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
““Günay Sığorta” “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, “Yaşıl Kart” sığortaçılarının reyestrinə daxil edilən sığortaçıların ümumi sayı 14-ə çatıb.
“Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 5 mln. 400,542 min manata bərabərdir.
Azərbaycan 2016-cı il yanvarın 1-dən Green Card sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olub. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulub. Azərbaycanı “Yaşıl Kart” sistemində İSB təmsil edir.
Yaşıl Kart - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kart-lar üçün vahid standartlar qəbul edilib. Yaşıl Kart-a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb.*
N.Abbasova