Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan milli yığımasının Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirakını uğurlu adlandırıb.
«İdmançılarımız Olimpiya Oyunlarında 18 medal qazanmaqla rekord nəticə göstərdilər. Bu, çox yüksək nailiyyətdir», - deyə Ç.Hüseynzadə azərbaycanlı idmançıların “Rio-2016” Olimpiya Oyunlarında çıxışının yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq 20 ildir dünya Olimpiya hərəkatının fəal iştirakçısıdır.
«Azərbaycan ilk dəfə 1996-cı ildə Atlanta Olimpiadasında iştirak edib. Ölkəmizi 23 idmançı təmsil edirdi və Namiq Abdullayev gümüş medal qazanmışdı», - deyə vitse-prezident qeyd edib.
O deyib ki, geridə qalan 20 il ərzində Azərbaycan idmanı böyük inkişaf yolu keçib.
«Əgər 1996-cı ildə dünya Azərbaycan yığma komandasının medal qazanmağına təəccüblənmişdisə, bu gün idmançılarımızın uğurlu çıxışı heç kimdə təəccüb doğurmadı. Azərbaycan idmanı bütün dünyada tanınır», - deyə Ç.Hüseynzadə vurğulayıb.*
R.Babayev