Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə azərbaycanlı idmançıların “Rio-2016” Olimpiya Oyunlarından diskvalifikasiya edilməsini ikili standartların təzahürü hesab edir.
O, azərbaycanlı idmançıların Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında çıxışının yekunu ilə bağlı brifinqdə ağır atletlərimizin diskvalifikasiya edilməsindən təəccübləndiyini bildirib.
«Mən nə baş verdiyini başa düşmürəm. London Olimpiadası zamanı ağırlıqqaldıranımızı dopinqdən istifadə etməkdə təqsirləndirdilər, ancaq sonra o, iki dəfə dünya çempionu oldu. Əgər bu yanaşma bütün idmançılara tətbiq edilirsə, bəs nə üçün əvvəllər dopinqdən istifadə etdiyi məlum olan amerikalılara da tətbiq edilməməlidir? Ancaq amerikalılar yarışlarda iştirak edərək medallar qazanırdılar. Bu, ikili standartların təzahürüdür», - deyə Ç.Hüseynzadə vurğulayıb.
O qeyd edib ki, dopinq skandalı ilə əlaqədar çoxlu sayda mənfi hallar baş verir.
«Rio Olimpiadasında moldovalı avarçəkənin çıxışı ilə bağlı xoşagəlməz hadisə baş verib. O, bürünc medal qazansa da, ertəsi gün onu dopinqdən istifadə etməkdə ittiham edərək moldovalıların lider olduğu növbəti kanoe yarışında iştirakdan kənarlaşdırdılar. Ancaq daha sonra üzr istəsələr də, artıq gec idi. O, şansını əldən buraxmışdı», - deyə vitse-prezident vurğulayıb.*
R.Babayev