Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Alfa Sığorta” şirkətinin lisenziyasını ləğv edib. Bu barədə MBNP-nin məlumatında deyilir.
“Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarına əsasən “Alfa Sığorta” ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib”, - deyə məlumatda bildirilir.
Lisenziyanın ləğv olunmasına səbəb, son dövrlər “Alfa Sığorta”nın maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olub.
“Artıq bir müddətdir ki, “Alfa Sığorta”dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilirdi. Buna səbəb sığortaçının təsisçisi olan “Texnikabank”ın müflisləşməsi və bununla əlaqədar olaraq “Alfa Sığorta” ASC-nin maliyyə durumunun kritik vəziyyətə düşməsidir”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudent fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi “Alfa Sığorta”nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnib.
Qeyd edək ki, sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprel ayından şirkətin İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılıb və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.
Məlumatda deyilir ki, Palata, aprel ayının sonundan “Texnikabank”ın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə “Alfa Sığorta” ASC-nin sığorta portfelinin satışı vasitəsi ilə sağlamlaşdırılmasına cəhd etsə də, sığortaçının yetərli likvid aktivlərlə təmin olunmuş ehtiyatlarının mövcud olmaması səbəbindən bu mümkün olmadı.
“Sığortaçıya əlavə kapital inyeksiyası olmadan onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının mümkün olmadığını və müflis təsisçisininsə belə imkanlarının olmamasını nəzərə alaraq MBNP “Alfa Sığorta” ASC-nin lisenziyasını ləğv edib”, - deyə məlumatda vurğulanıb.
Direktorlar Şurasının qərarı ilə “Alfa Sığorta” ASC-nə təyin olunan müvəqqəti inzibatçı cümə günündən vəzifələrinin icrasına başlayıb.
“Alfa Sığorta” fəaliyyət üçün lisenziyanı 1997-ci ildə alıb. Şirkətin nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir.
2015-ci ilin yekunları üzrə “Alfa Sığorta” şirkətinin sığorta haqları2 mln. 573,7 min manat,sığorta ödənişlərinin həcmi 1 mln. 549 min manat təşkil edib.
2015-ci ilin yekunları üzrə “Alfa Sığorta” şirkətinin xalis zərəri455 min 466,1 manat təşkil edib. **
N.Abbasova