SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2019-cu ilin III-IV rübündə “Abşeron” yatağından ilk qaz hasilatına başlamağı planlaşdırır. Bu barədə şirkətin birinci virse-prezidenti Xoşbəxt Yusifzadə Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransında çıxışı zamanı bildirib.
Daha əvvəl bildirilmişdi ki, TOTAL 2018-ci ildə yataqda quyu qazmağı və 2022-ci ildə qaz hasilatına başlamağı planlaşdırır.
““Abşeron” yatağında ilk istismar quyusunun 2017-ci ilin II rübündə qazılması, ilk qaz hasilatına 2019-cu ilin III-IV rübündə başlanması nəzərdə tutulur», - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, 2016-cı il oktyabrın sonunda SOCAR-ın tərəfdaşları “Abşeron” yatağının kəşfiyyatı və işlənməsi layihəsinin inkişaf proqramını təsdiq edəcək və bu proqram noyabrda Dövlət Neft Şirkətinə təqdim ediləcək.
«SOCAR tərəfindən proqramın 2017-ci il yanvarın sonunadək təsdiq edilməsi planlaşdırılır. 2017-ci ilin IV rübündə “Abşeron yatağından ilkin hasilat planı” ilə bağlı yekun investisiya qərarı (FİD) qəbul olunacaq”, - deyə birinci vitse-prezident bildirib.*
N.Abbasova