“Müsavat” müxalifət partiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərin daxil edilməsi üzrə 26 sentyabr tarixinə təyin olunan referendum ilə əlaqədar etiraz mitinqi keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyanın başqanı Arif Hacılı məlumat verib.
“Müsavat” Partiyası mitinq keçirməyi qərara alıb. Yaxın gələcəkdə ictimaiyyət mitinqin tarixi və aksiya iştirakçılarının çıxış edəcəkləri şüarlar barədə məlumatlandırlacaq”, - deyə A.Hacılı vurğulayıb.
Onun sözlərinə görə, “Müsavat” mitinqin keçirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyə hazırlaşır.
“Mitinqdə Azərbaycanda cari proseslərlə əlaqədar məsələlər qaldırılacaq”, - deyə A.Hacılı bildirib.
“Müsavat” başqanı əlavə edib ki, bu məsələ ilə bağlı respublikanın müxtəlif siyasi qüvvələrinin nümayəndələri ilə danışıqlar aparılır.
İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi təklif olunur.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması nəzərdə tutulur (hazırda 5 ildir).
Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Prezident İ.Əliyev Referendum Aktı layihəsinin 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılması haqqında sərəncam imzalayıb.**
R.Babayev