İtaliya 2016-cı ilin ilk altı ayında ticarət dövriyyəsində 50% azalmaya baxmayaraq, Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu barədə İtaliyanın Bakıdakı səfiri Ciampaolo Kutillo çərşənbə axşamı jurnalistlərə bildirib.
“Cari ilin birinci yarısında Azərbaycanla ticarət dövriyyəsində 50% azalma müşahidə olunub. Bununla belə, İtaliya hələ də Azərbaycanın ən iri ticarət tərəfdaşı olaraq qalır”, - deyə diplomat bəyan edib.
Səfir qeyd edib ki, Azərbaycanda ümumi iqtisadi vəziyyət nəzərə alınaraq, “ticarət dövriyyəsinin azalması proqnozlaşdırılırdı”.
“Buna baxmayaraq, biz artıq ikinci yarımillikdən Azərbaycanla qarşılıqlı ticarətin həcminin artacağını gözləyirik”, - deyə o vurğulayıb.
Səfir həmçinin TAP qaz kəmərinin tikinti layihəsinin icrasını şərh edib.
“Yunanıstan və Alnabiyada tikinti işləri başlanandan sonra, may ayından etibarən layihə çərçivəsində İtaliyada ilkin işlərə başlanıb. Yaxın zamanda bu istiqamətdə həm dənizdə, həm quruda miqyaslı işlərin başlanacağını gözləyirik”, - deyə diplomat yekun vurub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ilin birinci yarısında İtaliya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi $941 mln. 410,84 min təşkil edib. O cümlədən, $760 mln. 848,79 min - Azərbaycandan ixracın, $180 mln. 562,05 min - idxalın payına düşüb. **
F.İsazadə