Prezident İlham Əliyevin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşündə ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Əlaqələrimiz bir çox sahələri əhatə edir”, – deyə İ.Əliyev vurğulayıb.
Prezident Azərbaycan və Tokio arasında əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlət başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini deyib.
Motome Takisava Azərbaycan idmançılarının Rio-de-Janeyro Olimpiadasında uğurlu nəticələr əldə etməsini məmnunluqla qeyd edib. O, prezident İ.Əliyevə 2020-ci il Tokio Olimpiadasına Yaponiya tərəfinin dəvətini çatdırıb.
Söhbət zamanı neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb, bu sahələrin yaxşı perspektivləri olduğu bildirilib.*
R.Babayev