Energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum, GECF) energetika nazirlərinin Dohada keçiriləcək görüşünə dəvət edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Bu gün N.Əliyev və Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Azərbaycan ilə GECF arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
«Seyid Məhəmməd Hüseyn Adeli bu ilin noyabrında Qətərin paytaxtı Dohada Qaz İxrac edən Ölkələr Forumuna üzv olan dövlətlərin energetika nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə məlumat verib. Azərbaycanın da bu tədbirdə təmsil olunması vacib sayılaraq, ölkəmiz Qaz İxrac edən Ölkələr Forumuna üzv dövlətlərin energetika nazirlərinin görüşünə dəvət edilib”, - deyə məlumatda bildirilir.
Baş katib qeyd edib ki, nazirlərin görüşündə qaz ixrac edən ölkələrin yeni inkişaf modelinin müəyyən edilməsi, 2040-cı ilə kimi bu dövlətlərin imkanlarına baxış və yaxın gələcəkdə qaz bazarına yeni oyunçuların qatılması perspektivləri kimi əsas üç məsələ nəzərdən keçiriləcək.
Bundan əlavə, qaz bazarının inkişaf tendensiyaları və yeni təkliflər müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunu noyabrın 23-də GECF-in Tehranda keçirilən 3-cü sammitində alıb.*
N.Abbasova