Yaponiya Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi diqqət verir. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava bəyan edib.
“Tokio Bakı ilə hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət verir və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın Yaponiyaya verdiyi dəstəyi yüksək qiymətləndirir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti M.Takisavanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sitat gətirir.
Öz növbəsində E.Məmmədyarov yapon şirkətlərinin müxtəlif sahələr üzrə ölkədəki uğurlu fəaliyyətini qeyd edib.
Nazir əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda yaradılan imkanlardan danışıb.
Görüşdə Azərbaycanın beynəlxalq hava limanlarında Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi məsələsi görüşdə məmnunluqla qeyd edilib. Həmçinin diplomatik və xidməti pasporta malik olan şəxslərin vizalardan azad edilməsi haqqında Sazişin imzalanması istiqamətində səylərin artırılmasının vacibliyi bildirilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. **
F.İsazadə