Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirin təşkilatçıları onu keçirməkdən imtina ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev açıqlama verib.
“Ermənistanın təxribatçı məqsədlərlə Siyasi və Xarici Siyasət məsələləri üzrə Mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin müstəqilliyinin 25 illiyi bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib. Mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan XİN bu tədbirin qarşısını almaq üçün zəruri önləyici addımlar atılıb.
“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina edib. Rəsmi Yerevanın bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atması regionda davamlı sülhün təmin edilməsinə xidmət edərdi.Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcək”, - deyə H.Hacıyev qeyd edib.
Qeyd edək ki, keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu.
XİN tədbirə dəvət edilmiş şəxslərə xəbərdarlıq edib ki, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etdikləri halda adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.*
F.İsazadə