İndiyədək sahibkarlara 51 investisiya təşviqi sənədi təqdim olunub. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Çərşənbə günü İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə daha 19 sahibkara investisiya təşviqi sənədi təqdim olunub. İndiyədək sahibkarlara 51 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına 0,5 mlrd. manat həcmində investisiya yatırılacaq, 4 minə yaxın yeni iş yeri açılacaq”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, 7 iqtisadi rayonu əhatə edən bu layihələr qeyri-neft sektorunun müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, tütün məmulatlarının istehsalı, yüngül sənaye, tikinti materiallarının, rezin və plastmas məmulatlarının, sürtgü yağlarının istehsalı və digər sahələri əhatə edir.
Vurğulanır ki, investisiya təşviqi sənədini alan sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edərək, mənfəət və gəlir vergisinin 50%-ni, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar. **
N.Abbasova