SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və BP növbəti 20 il ərzində Azərbaycandakı layihələr üzrə yaxın tərəfdaş olaraq qalacaqlar. Prezident İlham Əliyev belə hesab edir.
«SOCAR-BP əməkdaşlığı artıq böyük tarixə malikdir», - deyə dövlət başçısı sentyabrın 1-də Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, görülən və görüləcək işlər ən azı növbəti 20 il ərzində də SOCAR-ın və BP-nin yaxın tərəfdaşlar kimi fəaliyyətini təmin edəcək. Azərbaycanda görüləcək işlər həm xarici tərəfdaşlar, xarici şirkətlər, SOCAR və Azərbaycan xalqı üçün daha da böyük mənfəət gətirəcək.
““Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın ən böyük enerji layihələrindəndir. “Cənub Qaz Dəhlizi”nin inşası da uğurla gedir. Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcəkdir”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır.*
R.Babayev