Xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Qarabağ münaqişəsuinin nizamlanmasına dair danışıqlarda irəliləyişin zamanı gəlib.
“Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Artıq bəsdir! Danışıqlar əsasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib”, - deyə E.Məmmədyarov cümə axşamı ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxışında bildirib.
Onun sözlərinə görə, Ermənistan 20 ildən çoxdur ki Azərbaycan torpaqlarını işğal edib və bütün bu illər boyu BMT TŞ-nın müvafiq qətnamələrinə əməl etmir.
Nazir əlavə edib ki, “dünya ictimaiyyəti yaxşı bilir: Kimdir təcavüzkar! Kim Azərbaycan torpaqlarını işğal edib!”
“Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır.
Mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün biz, Helsinki Yekun Aktının əsas prinsipləri, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla beynəlxalq hüququn normalarına qəti riayət edilməsi təmin etməliyik”, - deyə E.Məmmədyarov vurğulayıb. **
A.Əzizov