İstanbul Mədən və Metallar İxracatçılar Birliyi Azərbaycanla əməkdaşlığın qurulmasında maraqlıdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilir.
“Cümə axşamı Birliyin nəzdindəki İnformasiya Texnologiyaları İxracat Komissiyasının nümayəndələri ilə AZPROMO-da görüşdə ixrac və investisiya sahəsində qarşılıqlı əməkdaşlığa dair imkanlar, informasiya texnologiyaları üzrə hər iki tərəfi maraqlandıran aktual məsələlər müzakirə olunub”, - deyə məlumatda qeyd edilir.
Həmçinin, tərəflər oktyabr ayında Bakıda İstanbul Mədən və Metallar İxracatçılar Birliyi tərəfindən Türk firmalarının iştirakı ilə təşkil olunacaq “Ticarət Heyəti Proqramı”nı geniş müzakirə ediblər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.**
N.Abbasova