Vergilər Nazirliyi və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) vergi qanunvericiliyinin təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə nazirliyin məlumatında deyilir.
“Sentyabrın 5-də AmCham-ın üzvləri Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə görüşüblər. Görüşün keçirilməsində məqsəd Azərbaycan prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamında əks olunan islahat istiqamətləri üzrə fikir mübadiləsi aparmaq, həmin sərəncamla verilmiş tapşırıqların icrası zamanı özəl sektorun təkliflərinin də nəzərə alınmasının təmin edilməsi olub”, - deyə məlumatda bildirilir.
Görüşdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva deyib ki, sərəncamın icrası ilə bağlı işlər dörd əsas istiqamətdə - vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi ödəyicilərinə xidmətin səviyyəsinin daha da yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətlərində aparılır.
“Görüş çərçivəsində həyata keçiriləcək islahatlarla bağlı biznes subyektlərinin təklifləri dinlənilib, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri ətrafında geniş müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova