Azərbaycan müsəlman turistlərin ən çox səfər etdiyi istiqamətlərin siyahısında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında 20-ci yerdə qərarlaşıb.
“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran Müsəlmanların Qlobal Səyahət İndeksi (GMTI) 2016 hesabatına əsasən Malayziya (81,9), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ - 74,7) və Türkiyə (73,9) ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıblar.
130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İƏT ölkələri sırasında Azərbaycanın indeksi 57,3 təşkil edib.
Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə qlobal olaraq orta hesabla 117 mln. müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10%-ni təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 mln. nəfərə və ya ümumi turist axınının 11%-nə çatacağı, müsəlman turistlərin xərclərinin təxminən $200 mlrd. təşkil edəcəyi gözlənilir.
Asiya və Avropa ümumilikdə müsəlman turist axınının 87%-ni qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region olub.
GMTI 130 turizm istiqamətini dünyanın ən sürətlə inkişaf edən turizm sektoru üzrə müfəssəl təhlilini həyata keçirən və bu sahədə dolğun məlumat təqdim edən bir araşdırmadır. Bu indeks turizm məkanlarına, səyahət xidmətlərinə və investorlara müsəlman turizm sektorunun inkişafı və dəyişikliklərini izləməyə imkan verən bir göstəricidir.*
R.Babayev