2016-cı ilin yanvar-avqust aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 143 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
«SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə bu ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb», - deyə məlumatda qeyd olunur.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
Xəbər verildiyi kimi, “Azəriqaz” 2015-ci ildə 430 yaşayış məntəqəsini qazlaşdırıb.*
N.Abbasova