2017-ci ilədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yanalma körpülərinin sayı 4-ə çatacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Hazırda limanda iki yanalma körpüsü mövcuddur. İlin sonunadək daha 2 körpü istifadəyə veriləcək ki, bu da yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”, - deyə nazir bu gün Ələt Azad Ticarət Zonasının yaradılması üçün məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, Ələt qəsəbəsində 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur.
Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsi 2014-cü ilin iyun ayında başa çatıb. Limanın tikintisinin podratçısı “Azərkörpü” ASC-dir. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
Limanın tikintisi üç mərhələdə həyata keçiriləcək. Liman vasitəsilə boşaldılıb yüklənən yüklərin ümumi həcmi 25 mln. ton yük və 1 mln. konteyner təşkil edəcək.
Limanın tikintisinə çəkiləcək xərclər 870 mln. manat həcmində qiymətləndirirlir. Limanın tikintisində birinci mərhələ əsas sayılır və onun reallaşması üçün 540 mln. manat tələb olunur. İkinci mərhələ 150 mln. manat, üçüncü mərhələ 180 mln. manat məbləğində qiymətləndirilir.*
A.Əzizov