Azərbaycan Rusiya paralimpiyaçılarının Ümumdünya Antidopinq Agentliyi tərəfindən Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına buraxılmamasına görə onlara məxsus olan 3 lisenziyadan rəsmən imtina edib. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Paralimpiya Oyunlarının bu gün başlanmasını, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edir ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib.
“Rio-2016” Paralimpiya Oyunlarına 24 paralimpiyaçımız 6 idman növündə (cüdo, yüngül atletika, pauerliftinq, üzgüçülük, atıcılıq və kamandan oxatma) ümumilikdə 41 lisenziya qazanıb.
XV Yay Olimpiya Oyunları 7-18 sentyabr tarixlərində Rio-de-Janeyroda keçiriləcək.*
R.Babayev