Almaniya hökuməti “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” proqramının həyata keçirilməsi üçün Azərbaycana 4 mln. avro məbləğində qrant ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Layihənin maliyyələşdirilməsinə dair sazişi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Almaniya tərəfdən isə KfW Bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt imzalayıblar.
Layihənin ümumi dəyəri 4,5 mln. avro, qrantın məbləği isə 4 mln. avrodur. Layihəyəbu il başlanması, 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.
"Bu layihənin əsas məqsədi regionda ilk biosfer rezervatın yaradılması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi, Zaqatala qoruğunun infrastrukturunun gücləndirilməsi, təbiətin mühafizə tədbirlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasıdır”, - deyə məlumatda bildirilir.
H. Bağırov hesab edir ki, ayrılan maliyyə vəsaiti Zaqatala dövlət qoruğunun ətrafında yerləşən kəndlərin və ümumilikdə regionun iqtisadi inkişafına böyük təkan verəcək.*
A.Əzizov