Prezident İlham Əliyev sentyabrın 8-də respublikanın şimal bölgəsinə səfəri çərçivəsində Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb.
Bu yol 12 min nəfər əhalisi olan 11 yaşayış məntəqəsini birləşdirir.
Prezident İ.Əliyev həmçinin Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb.Bu təhsil ocağı 720 şagird yerlikdir.
Bundan başqa, dövlət başçısı Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibəti ilə keçirilən mərasimdə iştirak edib.*
R.Babayev