İranın Azərbaycandakı səfiri Mohsin Pakayin Bakı və Tehranın regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bildirib. Bu barədə Mətbuat Şurası məlumat yayıb.
«Bu gün Azərbaycan və İran regionda sülhün bərqərar olması naminə ortaq mövqedən çıxış edir. İran, Azərbaycan və Rusiya rəhbərlərinin üçtərəfli görüşü isə dünyaya mesajdır», - deyə M.Pakayin Mətbuat Şurasında keçirilən görüşdə vurğulayıb.
O deyib ki, dünyada yumşaq güc kimi qəbul edilən media siyasi diplomatiya ilə yanaşı fəaliyyət göstərən ümumi diplomatiyanın ən güclü silahıdır.
«Xöşbəxtlikdən İran və Azərbaycan arasındakı münasibətlər yüksək səviyydədir. Müəyyən qüvvələr olub ki, onlar media vasitəsi ilə İran və Azərbaycan arasında ixtilaf yaratmağa çalışıblar. Mən bildirmişəm ki, bizlər informasiyaları bir-birimizdən almalıyıq, birbaşa əlaqələr yaratmalıyıq. İndiyədək Azərbaycanın və İranın müxtəlif bölgələrinə jurnalist səfərləri həyata keçirilib. İran xalqında Azərbaycan haqqında müsbət fikirlər formalaşıb. Eləcə də Azərbaycan xalqında İran barədə”, - deyə M.Pakayin qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycanın İran İslam Respublikası ilə qarşılıqlı münasibətləri ölkəmizin milli mənafe və maraqlarından qaynaqlanan vacib məsələdir.*
R.Babayev