Azərbaycan və İndoneziyanın turizm assosiasiyaları əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırırlar. Bu barədə İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanq məlumat verib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev O.S.Odanq ilə görüşdə İndoneziya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin inkişafından söz açıb.
O.S.Odanq gələcəkdə əlaqələrin daha da inkişafı üçün qısa zamanda hər iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması ilə müvafiq işlərin aparılacağını bildirib.
Ə.Qarayev Azərbaycan üçün turizm baxımından prioritet hesab olunan ölkələr, o cümlədən İndoneziyadan gələn turistlərə hava limanlarında sadələşdirilmiş qaydada viza rejiminin tətbiq olunmasının və qarşılıqlı turist mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.*
R.Babayev