Prezident İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə O.S.Odanq Azərbaycan prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya prezidentinin rəsmi dəvətini prezident İ.Əliyevə çatdırıb.
Dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən İ.Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlət başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib.
Azərbaycan prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu söyləyib. İ.Əliyev daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.*
R.Babayev