2016-cı ilin yanvar-iyul aylıarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 28 mln. 359,3 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 8,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, dəhliz çərçivəsində yüklərin 7 mln. 576,1 min tonu və ya 26,7,1%-i dəmir yolu nəqliyyatı, 18 mln. 223,5 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 2 mln. 559,7 min tonu və ya 9%-i dəniz nəqliyyatının payına düşüb.
“2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-ci ilin yanvar-iyul aylarında TRACECA dəhlizi ilə yük daşımalarının azalması dəniz və dəmir yolu vasitəsilə daşınmış yüklərin həcmində müvafiq olaraq 18,5% və 34% azalma ilə əlaqədardır. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb”, - deyə Komitədən qeyd ediblər.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 3 mln. 959,3 min ton və ya 14,8% tranzit yüklərin payına düşüb.
2016-cı ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 mln. sərnişin daşınıb (artım 2,3%).
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
A.Əzizov