Bakı və Amsterdam hərtərəfli, o cümlədən iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Bu gün İ.Əliyev Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan ilə Niderland arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən İ.Əliyevqeyd etdi ki, Bakı bu əlaqələri daha da genişləndirmək niyyətindədir.
Dövlət başçısı Niderlandın bir sıra şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini, mühüm layihələr həyata keçirdiklərini qeyd etdi.
Niderland Krallığının Avropa İttifaqının vacib üzvü kimi Avropa məsələlərində mühüm rol oynadığını deyən prezident həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlərin mövcud olduğunu bildirdi, bu əlaqələrin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini vurğuladı. Dövlət başçısı səfir Onno Kerversin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə, iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafının gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi.
O.Kervers öz növbəsində iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini dedi. Səfir enerji, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğuladı. **
R.Babayev