Müasir innovativ yanaşmalardan istifadə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi prosesini sadələşdirəcək. Bu barədə “Azərbaycan” qəzetinə müsahibəsində Mikayıl Cabbarov bildirib.
“Bu ilin avqustunda tələbələrin köçürülməsində yenilik edilib. Artıq təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasıdır.
“İndi tələbə rahat şəkildə bir universitetdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmək istəyirsə, bunun üçün sadəcə elektron şəkildə məlumatlarını daxil edərək istəyini reallaşdıra bilər”, - deyə M.Cabbarov əlavə edib.
O vurğulayıb ki, Təhsil Nazirliyinin əsas hədəfi təhsil prosesinin baş verdiyi bütün sferalarda şəffaf mexanizm yaratmaqdır.*
R.Babayev