Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hazrıda respublikada fəaliyyət göstərən bankların lisenziyasını geri çağırmağı planlaşdırmır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.
O, Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurasının Azərbaycanın IV maddə üzrə icmalına dair hesabatında Palatanın 2016-cı ilin sonunadək ölkədə bir neçə bankı bağlayacağı ilə bağlı yer almış məlumatı şərh edib.
"Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə tanışıq. Bu hesabat fondun iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağırılmış 2 bankın ləğvetmə prosesini başladıq. Bu proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq", - deyə müşavir vurğulayıb.
Daha əvvəl BVF-nin hesabatına istinadən bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub. Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir.
BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22%-i 3-cü qrupa daxil olan bankların payına düşür.
Hazırda Azərbaycanda 33 bank fəaliyyət göstərir.
İyul ayında Palata "Dekabank", "Parabank", "Zaminbank" və "Kredobank"ın lisenziyalarını ləğv edib.*
A.Axundov