Dekabrda Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçiriləcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Energetika naziri Natiq Əliyev bu gün Polşanın Bakıdakı səfiri Marek Tsalka ilə Hökumətlərarası Komissiyanın iclasının təşkili və Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin səfəri ilə bağlı məsələləri müzakirə edib.
“Tərəflər sentyabrın 28-29-da Polşanın inkişaf nazirinin birinci müavini R.Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birlikdə Azərbaycana planlaşdırılan səfərinə son hazırlıq işləri ətrafında fikir mübadiləsi aparıblar. Səfər zamanı dekabrda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası ilə bağlı müzakirələr aparılacaq”, - deyə məlumatda qeyd olunur.
Səfir Polşanın xüsusilə gəmiçilik, dəniz nəqliyyatı, əczaçılıq kimi sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.
Öz növbəsində N.Əliyev ümid edib ki, R.Domaqalski-Labentskinin rəhbərliyi ilə Polşanın müvafiq qurumları və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri həm də Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil ediləcək mövzuları zənginləşdirəcək və yeni layihələrin irəli sürülməsinə təkan verəcək. **
N.Abbasova