2016-cı ilin I yarısının sonuna “DəmirBank” ASC-nin “işləməyən” kreditlərinin (90 gün və daha çox gecikdirilmiş) xüsusi çəkisi 2015-ci ilin sonuna olan 8%-ə qarşı 28% təşkil edir. Bu barədə “Fitch Ratings” agentliyi bildirir.
Xəbər verildiyi kimi, ötən gün “Fitch Ratings” “DəmirBank” ASC-nin xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini “B”dən “B-”dək azaldıb. Qısamüddətli reytinq “B” səviyyəsində təsdiqlənib.
"Bankın kredit protfeli 2015-ci ilin noyabr ayına olan icmalla müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. I yarımilliyin sonuna olan məlumata görə, bankın aktivlərinin keyfiyyəti, kapitalın mövqeyi və mənfəətliliyi ötən ilin göstəricisi ilə müqayisədə olduqca aşağı düşüb", - deyə agentlik qeyd edir.
“Fitch”in qiymətləndirmələrinə görə, cari ilin I yarısının sonuna bankın problemli kreditləri 28% təşkil edir.
Bundan başqa, agentlik bildirir ki, “DəmirBank” kapitala dair normativ tələblərə əməl edir (6,7% - birinci səviyyəli kapital və 11,6% - kapitalın adekvatlığı).
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Onların sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) də var.*
A.Əzizov