2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 20 mlrd. 258,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3%, neft sektorunda isə 0,7% artıb.
Yanvar-avqust aylarında məhsulun 65,5%-i mədənçıxarma bölməsində, 28,2 %-i emal bölməsində, 5,5%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Bu dövrdə mədənçıxarma bölməsində məhsul istehsalı 1,3% artıb.
Emal sektorunda qida məhsullarının istehsalı 4,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3%, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8%, kağız və karton istehsalı 6,6 faiz, poliqrafiya məhsullarının istehsalı 21,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,9%, hazır metal məmulatlarının istehsalı 17,2%, kompyuter və elektron məhsulların istehsalı 14,8%, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 25,6%, mebel istehsalı 12,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 62% artıb.
Hesabat dövründə içkilərin istehsalı 11,7%, tütün məmulatlarının istehsalı 3,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1%, kimya sənayesi məhsullarının istehsalı 15%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,8%, tikinti materiallarının istehsalı 17,2%, maşın və avadanlıqların istehsalı isə 12,3% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1% artıb. **
N.Abbasova