SOCAR-ın buraxdığı $100 mln. məbləğində istiqrazları ilkin yerləşdirmə zamanı yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev bu gün istiqrazların təqdimat mərasimində bildirib.
"SOCAR bu kağızlara likvidlik zəmanəti verir", - deyə o bildirib.
R.Abdullayevin sözlərinə görə, kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
Şirkət prezidenti qeyd edib ki, xarici vətəndaşlar və hüquqi şəxslər bu istiqrazları təkrar bazarda əldə edə biləcəklər.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) SOCAR-ın $100 mln. məbləğində 5 illik istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə illik gəlirlilik 5% təşkil edəcək.
İstiqrazlara abunə yazılışı sentyabrın 20-dən oktyabrın 10-dək keçiriləcək.
İstiqrazlar 13-14 oktyabr tarixlərində Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək.
Bu, SOCAR tərəfindən istiqrazların daxili bazarda ilk yerləşdirilməsi olacaq. Şirkət artıq avrobond buraxılışı üzrə təcrübəyə malikdir, yəni xarici bazarlarda 3 dəfə istiqraz yerləşdirib.*
N.Abbasova