Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri İvana Duarte fəaliyyətə başlayıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneranı qəbul edib. Görüşdə bankın ölkəmizdəki daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycan tərəfinə təqdim olunub.
“Nazir qeyd edib ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanda geniş islahatlar həyata keçirilir və özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir”, - deyə məlumatda bildirilir.
O, Cənub Qaz Dəhlizi layihəsini, bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının yaradılması üçün Birləşmiş Ərəb Əmirlikləri şirkətinin məsləhətçi qismində prosesə cəlb edildiyini, ölkəmizin tranzit yükdaşımalarının artırılmasında maraqlı olduğunu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib, AYİB-lə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb, infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına AYİB-in dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.
İ.Duarte AYİB-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.*
A.Əzizov