Prezident İlham Əliyev sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, qurğunun istehsal gücü ildə 400 min ton təşkil edəcək. Obyektin 2018-ci ilin ortalarında istismara veriləməsi planlaşdırılır. Bu vaxta qədər Azərbaycanda bitum istehsalı “Azərneftyağ” NEZ-dəki bitum qurğusunda həyata keçiriləcək. Yeni bitum qurğusu işə salındıqdan sonra illik istehsal gücü 250 min ton bitum olan əvvəlki qurğu söküləcək.
Bitum qurğusunun tikintisi üzrə podratçı Avstriyanın “Poerner” şirkətidir. 2016-cı il avqustun 2-də H.Əliyev adına NEZ-də bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu şirkətlə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (Engineering, Procurement and Construction, EPC) müqaviləsi imzalanıb.
Layihə çərçivəsində bitum istehsalı qurğusu birinci istismara veriləcək.
Hazırda H.Əliyev adına NEZ Azərbaycanda fəaliyyət göstərən yeganə neft emalı zavodudur. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.*
N.Abbasova