Azərbaycanın gömrük orqanları 2016-cı ilin yanvar-avqust aylarında 1,1 tondan artıq Əfqanıstan mənşəli heroinin Azərbaycana keçirilməsinin qarşısı alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin(DGK) məlumatında deyilir.
DGK sədri Aydın Əliyevin bu gün Əfqanıstan Gömrük Departamentinin baş direktoru Əhməd Rəşad Popal ilə görüşündə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
A.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə - heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb. Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan komitə sədri hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.
O, Azərbaycan tərəfinin gömrük işi sahəsində - istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımlarını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.
DGK-nın məlumatına görə, Ə.R.Popal Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.
Əfqanıstan Gömrük Departamentinin baş direktoru iki ölkə arasında gömrük işi sahəsində nəzərdə tutulan normativ-hüquqi sənədin işlənib hazırlanmasının və gələcəkdə imzalanmasının da zəruriliyini bildirib, belə bir sənədin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda gələn ay İranın paytaxtı Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
N.Abbasova