Qarabağ nizamlanmasında status-kvonun saxlanılması Ermənistan-Azərbaycan münaqişəsi zonasında gərginliyin artmasına gətirə bilər. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan edib.
“Aprel hadisələri göstərdi ki, status-kvo təhlükəlidir və gözlənilməz nəticələr ilə hər an gərginliyin artması ehtimalı var. Beynəlxalq ictimaiyyət status-kvonu qəbuledilməz hesab edir”, - deyə E.Məmmədyarov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan anlamalıdır ki, status-kvonun saxlamaq cəhdi və təmas xəttində hərbi təxribatlar “çox ciddi səhvdir”.
“Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar” , - deyə o qeyd edib. **
A.Əzizov