İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkənin münasibətlərinə müsbət təsir edəcək. Bu sözləri İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emanuel Naxşon deyib.
"Biz İsraildə Azərbaycan səfirliyinin açılmasını istəyərdik. Bu, münasibətlərimizə müsbət təsir göstərə bilər", - deyə E.Naxşon Qüdsdə "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında çox yaxşı siyasi münasibətlər var. “Ölkələrimiz üçün əhəmiyyət kəsb edən energetika sahəsində sıx dialoqa malikik. Bundan başqa, regional təhlükəsizlik sahəsində əməkdaşlıq edirik, çünki çox təhlükəli və qeyri-sabit regionda yaşayırıq", - deyə o vurğulayıb.
XİN nümayəndəsi iki ölkə arasında alternativ energetika sahəsində də əlaqələrin nizamlanmasını zəruri hesab edir. "Sizin ölkəniz energetika məsələsində son dərəcə əhəmiyyətli rol oynayır. Amma biz alternativ energetikanı da inkişaf etdirməliyik. Sizin böyük enerji ehtiyatlarınız var. Lakin neft və qaz əbədi deyil. Bütün bu məsələlər Azərbaycan və İsrail arasında müzakirə oluna bilər", - deyə E.Naxşon qeyd edib.
"Ölkələr arasında münasibətlərin, o cümlədən iqtisadiyyat və turizm sahəsində əlaqələrin inkişafı üçün yaxşı iradə mövcuddur", - deyə o əlavə edib.*
F.İsazadə