İndoneziya prezidenti Coko Vidodo 2017-ci ildə Azərbaycana rəsmi səfərə gələ bilər. Bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyeva ilə görüşdə bəyan edib.
Səfir qeyd edib ki, onun Azərbaycanda missiyası 2016-cı ilin mayında - dünya neft bazarlarında baş vermiş böhranla əlaqədar ölkədə iqtisadi vəziyyətin pisləşdiyi dövrdə başlayıb.
“Azərbaycanın İndoneziya üçün təkcə regionda deyil, həm də Şərqi və Mərkəzi Avropada strateji baxımdan əhəmiyyətli dövlət olması həm mənə, həm də ölkəmə yaxşı bəllidir”, - deyə səfir bildirib.
Bu baxımdan diplomat Azərbaycan prezidenti İlham Əliyevin bu ilin sonunda İndoneziyaya, İndoneziya prezidenti Coko Vidodonun isə gələn il Azərbaycana səfər edəcəyinə ümid bəslədiyini ifadə edib.
Səfir həmçinin vurğulayıb ki, Azərbaycan İndoneziya üçün gələcəkdə də mühüm biznes-partnyor, həmçinin enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli tərəfdaş olacaq.
“Biz sutkada 800 min barrel neft hasil edirik. Lakin bizim 1 mln. 600 min barrel neftə ehtiyacımız var. Tələb olunan neftin təqribən yarısını İndoneziya idxal etməlidir. Azərbaycandan 400 min barreldən 600 min barrelədək neft alırıq. Məhz bu səbəbdən son illər İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycanın üçüncü nəhəng ticarət partnyoru adını qazanıb. Bundan əlavə, biz Azərbaycandan həmçinin mazut alırıq”, - deyə səfir qeyd edib.
Səfir məlumat verib ki, ölkəsi Səudiyyə Ərəbistanı, Əlcəzair və İrandan da neft idxal edir. Bu məqsədlə hər il $2,4 mlrd. vəsait sərf edilir.
Həmçinin diplomat iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. “Əlaqələrimizin, ticarətimizin gücləndirilməsi, həmçinin investisiyalaşma məsələsinin gələcək müzakirəsi üçün azərbaycanlı investorların İndoneziyaya, indoneziyalı investorların isə sizin ölkənizə səfərlərinin genişləndirilməsi olduqca mühümdür. Bu indoneziyalı investorlar və Azərbaycanm şirkətləri arasında qarşılıqlı işgüzar əməkdaşlığın qurulması üçün imkan yaradacaq”, - deyə H.Fanani qeyd edib. **
N.Abbasova